Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ilidir. Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malikdir. Tarixi mənbələrdən məlumdur ki, hələ yeddinci əsrdə, ərəblərin gəlişi zamanı burada müstəqil idarəçilik olmuş, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır. Naxçıvan şəhəri on ikinci əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş, on səkkizinci əsrdə isə Naxçıvan xanlığının siyasi mərkəzi kimi inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermişdir. 1918-ci ildə Naxçıvanda bir milyondan çox əhaliyə malik Araz-Türk Respublikası yaradılmışdır. 1924-cü ildə isə Naxçıvana muxtar respublika statusu verilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir. 

Ali Məclisin Sədri demişdir: Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmamış, böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmışdır. 1920-ci ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdir. O dövrdə bunu zəruri edən mühüm bir amil də naxçıvanlıların daim Azərbaycanla bir olmaq tələbi,  ana Vətəndən ayrı düşməmək istəyi idi. 

 Qeyd olunmuşdur ki, Naxçıvana muxtariyyət verilməsinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi.

Göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-1921-ci illər ərzində altı ölkədə müxtəlif səviyyələrdə iyirmi dəfədən çox  müzakirəyə çıxarılmış, sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret verilmişdir. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi. 

Ətraflı: Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunmuşdur

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada bu münasibətlə silsilə tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq dünən muxtar respublikanın ümumtəhsil müəssisələri ilə Dövlət Bayrağı Muzeyi arasında “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda ­interaktiv dərs təşkil edilib. 
İnteraktiv dərsdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, Azərbaycanın və Şərqin ən qədim diyarlarından biri, çox­əsrlik dövlətçilik ənənələri ilə həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadan, görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetişdirən, ölkəmizin sosial-iqtisadi, ictimai­­-siyasi həyatında əvəzsiz rol oynayan Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi tamam olur.

Qeyd edilib ki, ötən əsrin 20-ci illərində gedən proseslər qədim diyarımızın muxtariyyət statusu qazanaraq Azərbaycanın tərkibində əbədi qalması ilə nəticələnib. Bu mənada, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir.

Ətraflı: İnteraktiv dərs keçilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilib. Bununla bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. 
Muxtariyyət tarixindən, qədim diyarımızın son 20 ildən artıq bir dövrdə keçdiyi inkişaf yolundan danışan nazir vurğulayıb ki, həmin dövrdə maddi-mədəni irsimizə, milli dəyərlərimizə də hərtərəfli dövlət qayğısı göstərilib. Belə ki, muxtar respublikamızda 1200-dən çox tarixi abidə pasportlaşdırılıb, 70-dən artıq dünya əhəmiyyətli abidə bərpa olunaraq xalqımıza qaytarılıb. Bu illər ərzində 15-dən çox muzey yaradılıb, yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, yüzlərlə digər mədəniyyət müəssisələri istifadəyə verilib. Bütün bunlar xalqımızın tarixinə, mədəniyyətinə, milli dəyərlərə, gənc nəslin sabahına göstərilən diqqət və qayğının bariz ifadəsidir.

Diqqətə çatdırılıb ki, bu gün qədim diyarımızda tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində görülən işlər öz bəhrəsini verir. Ötən il Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” tədbirlərinin uğurla keçirilməsi, “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqslərini UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi hamımızda iftixar hissi doğurur.

Ətraflı: Muxtar respublikanın 95 illiyinə həsr olunmuş tədbir