Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada bu münasibətlə silsilə tədbirlər keçirilir. Həmin tədbirlərin davamı olaraq dünən muxtar respublikanın ümumtəhsil müəssisələri ilə Dövlət Bayrağı Muzeyi arasında “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda ­interaktiv dərs təşkil edilib. 
İnteraktiv dərsdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, Azərbaycanın və Şərqin ən qədim diyarlarından biri, çox­əsrlik dövlətçilik ənənələri ilə həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadan, görkəmli elm xadimləri, sənətkarlar, tarixi şəxsiyyətlər yetişdirən, ölkəmizin sosial-iqtisadi, ictimai­­-siyasi həyatında əvəzsiz rol oynayan Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi tamam olur.

Qeyd edilib ki, ötən əsrin 20-ci illərində gedən proseslər qədim diyarımızın muxtariyyət statusu qazanaraq Azərbaycanın tərkibində əbədi qalması ilə nəticələnib. Bu mənada, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir.


Fəxrəddin Səfərli bildirib ki, Naxçıvan həm də Azərbaycanın böyük dövlətçilik ənənələrinə malik olan qədim diyardır. X əsrdə burada Naxçıvan şahlığının, XII əsrdə isə Atabəylər dövlətinin yaranması da bunu təsdiq edir. Bundan əlavə, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına əsaslı töhfələr verib. XX əsrin əvvəllərində həmin dövlətçilik ənənələrinin əsasında 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası yaradılıb. Bu mənada, 1924-cü ildə Naxçıvanın muxtariyyət qazanması həm də tarixboyu yaranan dövlətçilik ənənələrinin davam etdirilməsinə rəvac verib.

Qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada dövlət pro­qramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini də təmin edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımız Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017 və 2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olub. Şübhəsiz, bütün bunlar muxtariyyətin bəhrələri olmaqla yanaşı, həm də muxtar respublika rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.