Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilib. Bununla bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. 
Muxtariyyət tarixindən, qədim diyarımızın son 20 ildən artıq bir dövrdə keçdiyi inkişaf yolundan danışan nazir vurğulayıb ki, həmin dövrdə maddi-mədəni irsimizə, milli dəyərlərimizə də hərtərəfli dövlət qayğısı göstərilib. Belə ki, muxtar respublikamızda 1200-dən çox tarixi abidə pasportlaşdırılıb, 70-dən artıq dünya əhəmiyyətli abidə bərpa olunaraq xalqımıza qaytarılıb. Bu illər ərzində 15-dən çox muzey yaradılıb, yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, yüzlərlə digər mədəniyyət müəssisələri istifadəyə verilib. Bütün bunlar xalqımızın tarixinə, mədəniyyətinə, milli dəyərlərə, gənc nəslin sabahına göstərilən diqqət və qayğının bariz ifadəsidir.

Diqqətə çatdırılıb ki, bu gün qədim diyarımızda tarixi-mədəni irsin qorunub saxlanılması sahəsində görülən işlər öz bəhrəsini verir. Ötən il Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” tədbirlərinin uğurla keçirilməsi, “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqslərini UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi hamımızda iftixar hissi doğurur.


Naxçıvanın hərtərəfli inkişafının müstəqillik dövrünün əsl dövlətçilik salnaməsi olduğunu bildirən Natəvan Qədimova çıxışının sonunda muxtar respublikamızda incəsənətin inkişafında əldə olunan uğurlara görə Ali Məclis Sədrinə tədbir iştirakçıları adından minnətdarlıq edib.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olub. Konsertdə Azərbaycanı, o cümlədən Naxçıvanı tərənnüm edən mahnılar alqışlarla qarşılanıb. Orkestrin ifasında dünya bəstəkarlarının əsərləri də ifa edilib, xor kollektivinin çıxışı olub. 
Konsert böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Cəngi”nin sədaları altında rəqs kollektivinin ifası ilə başa çatıb.